FHN: Xəzər rayonunda silah-sursat aşkar edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı bir ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 3 ədəd 5x45 millimetr mərmi, 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” 16 millimetr kalibrli ov tüfəngi götürülüb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.