MƏDƏNİYYƏT
Fidan Hacıyeva: Üzeyir bəy kimi dahi bəstəkarı olan xalqımız xoşbəxtdir
Bakı, 18 sentyabr, Anara Axundova, AZƏRTAC
Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günündə keçirilir. Əlamətdar gün münasibətilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı da açılır.
Bu əlamətdar gündə AZƏRTAC-ın müxbiri ölkəmizin mədəniyyət və incəsənət xadimləri, musiqiçilərlə söhbət edib.
Fidan Hacıyeva – Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, pedaqoq:
-Sentyabrın 19-da Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində məktəbimizdə tədbir təşkil edəcəyik. Konserti MEZZO orkestri açacaq. Həmin gün mənim və tələbələrimin ifasında Üzeyir bəyin əsərləri səslənəcək. Bu, bizim üçün çox əlamətdar bir gündür və ona ciddi hazırlaşırıq.
Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin banisidir, onun əsərləri bütün dünyada, bir çox opera səhnələrində səslənir. Biz çox xoşbəxt xalqıq ki, çoxlu əsər yaradan belə bir parlaq bəstəkarımız var.
Musiqimizi hər yerdə təbliğ etməliyik. İstedadlı gənclərimiz çoxdur, yüksək sənətə can atan, klassik musiqiyə könül vermiş ifaçılarımız, bu musiqi ilə yetişən gənc müğənnilərimiz var. Xoşbəxtəm ki, mənim çalışdığım məktəbdə də musiqimizi Azərbaycanda və onun hüdudlarından kənarda tərənnüm edən belə gənclər var.