Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən “Xəmsə” intellektual bilik yarışının qalibi məlum olub
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının təşkilatçılığı ilə respublikanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Xalqa bağışlanan ömür” adında “Xəmsə” intellektual bilik yarışı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda FHN-in Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.
Yarış iştirakçıları, əvvəlcə FHN-in Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Açılış mərasimində FHN-in Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün örnəkdir, nümunəvi məktəbdir. Ümummilli Liderin həyat yolunu, siyasi irsini dərindən öyrənmək, fikirlərindən irəli gələn vəzifə və tapşırıqları dərk edərək həyat və fəaliyyət proqramımıza çevirmək qarşımızda duran ən ümdə vəzifələrdən biridir.
Rəis müavini vurğulayıb ki, intellektual bilik yarışlarının keçirilməsi Azərbaycan gənclərinin dünya görüşünün, ictimai və elmi fəallığının formalaşmasında mühüm rol oynayır. “Akademiyada ənənə halını alan belə tədbirlərdən biri də “Xəmsə” intellektual oyunudur”, - deyə sözünə davam edən K.Kazımovun bildirdiyinə görə, bu yarış da ölkəmizdə keçirilən digər intellektual oyunlar kimi, gənclərin zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini konkret faktlarla əsaslandıran FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev diqqətə çatdırıb ki, Ulu Öndərin müdrik siyasəti, müəllifi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. A.Quliyev, həmçinin onu da bildirib ki, bu gün həm də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli alimimizin elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur.
Sonra bilik yarışına start verilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi adına Dövlət Gömrük Komitəsinin Akademiyası layiq görülüb.