DÜNYA
Fransa hərbi qüvvələri Port-Buet bazasını Kot d'İvuara təhvil verəcək
Paris, 6 yanvar, AZƏRTAC
2022-2023-cü illər arasında ardıcıl olaraq Malidən, Burkina-Fasodan və Nigerdən qovulduqdan, 2024-cü ilin noyabr ayında Seneqalı və Çadı da tərk etmək tələb olunduqdan sonra fransız ordusu Kot d'İvuardakı hərbi qüvvələrini kəskin şəkildə azaldır. Kot d'İvuar (Abican şəhərinin ətrafı) Fransa hərbi bazası yanvarın sonuna qədər Kot d'İvuara təhvil veriləcək. Fransız və Kot d'İvuar hakimiyyəti tərəfindən uzun müddət planlaşdırılan bu məsələ barədə məlumat Prezident Alassane Uattaranın çıxışı zamanı rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, Kot d'İvuar 43-cü dəniz piyada batalyonunun (BIMA) düşərgəsində fransız hərbçilərin sayının azaldılması və iki ordu arasında vəzifələrin ötürülməsi Afrikada fransız hərbi sisteminin yeni mərhələsini əks edir.
Mali, Burkina-Faso və Niger presedentlərindən, eləcə də Seneqalın və Çadın fransız əsgərlərini sürpriz şəkildə qovmaq qərarından fərqli olaraq, Abicandakı fransız hərbi bazasının Kot d'İvuar ordusuna təhvil verilməsinin hər iki ölkənin birgə qərarı olduğu bildirilir.
Fransa diplomatik mənbəsinə görə isə bu, Fransa ilə Kot d'İvuar arasında tərəfdaşlığın yenilənməsinə işarə edən tarixi təşəbbüsdür. Fransız qüvvələrinin bu razılaşdırılmış və mütəşəkkil çıxarılması, həmçinin Kot d'İvuar düşərgəsinin təhvil verilməsi bir il yarım ərzində birgə aparılan dialoq və iş prosesinin bir hissəsidir. Yenə həmin mənbəyə görə Kot d'İvuar bu bölgədə Fransanın güclü müttəfiqi olaraq qalacaq və Fransa ordusu ölkəni tərk etməyəcək. Onun mövcudluğu sadəcə olaraq daha təmkinli olmalıdır.
Yanvar ayının sonunda Fransa və Kot d'İvuar müdafiə ilə mərasim keçiriləcəyi və bu mərasim zamanı düşərgənin üstündə dalğalanan Fransa və Kot d'İvuar bayraqları endiriləcək və yalnız Kot d'İvuar bayrağının qaldırılacağı qeyd edilir. Düşərgənin adının dəyişdirilərək Kot d'İvuar ordusunun ilk qərargah rəisi general Tomas d’Akən Uattaranın adını daşıyacağı bildirilir.
Kot d'İvuarda bu mövzu daha həssasdır, çünki Fransa ordusu keçmişdə ölkənin keçdiyi siyasi-hərbi böhranlara müdaxilə edib. 2004-cü ildə fransız əsgərləri Abicanda iştiraklarına etiraz edən nümayişçilərə atəş açaraq bir neçə nəfəri öldürüb. 2010-2011-ci illərdəki seçkidən sonrakı böhran zamanı isə onlar Alassane Ouattaranın mübahisəli şəkildə hakimiyyətə gəlməsində həlledici rol oynamaqda günahlandırıldılar.