RƏSMİ XRONİKA
FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf etməkdədir. Çoxşaxəli təmaslarımız, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə faydalı əməkdaşlığımız bu münasibətlərin səciyyəvi təzahürüdür. Əminəm ki, bu yaxınlarda dost ölkənizə səfərim, Sizinlə görüşümüz, apardığımız fikir mübadiləsi əlaqələrimizin bütün səviyyələrdə daha da genişlənməsinə yeni təkan verəcəkdir.
Biz ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, fəaliyyətinizi yüksək qiymətləndiririk. Ümidvaram ki, ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış bu münaqişənin aradan qaldırılması üçün səylərinizi bundan sonra da əzmlə davam etdirəcəksiniz.
Bir daha Sizə öz təbriklərimizi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Ən səmimi hisslərlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 iyul 2006-cı il.