SİYASƏT
Fransada yayımlanan radio verilişində AzərTAc-ın materiallarından istifadə olunub
Verilişin siyasət bölməsində səsləndirilən “İlham Əliyev: TANAP Azərbaycan-Türkiyə layihəsidir“ başlıqlı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşündən bəhs olunub. Dövlətimizin başçısının Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyi, həyata keçirilən birgə layihələrin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verdiyi barədə söylədiyi fikirlər yer alıb.
Digər xəbərdə isə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən, Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşı kimi dəyərləndirilməsindən, “Cənub” qaz dəhlizinin XXI əsrin mühüm geostrateji layihəsi olmasından söhbət açılıb.
Radio proqramında BMT Baş Assambleyasının 69-cu sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması, Ermənistan tərəfinin münaqişənin dinc yolla həllinə yönəlmiş konstruktiv danışıqlardan boyun qaçırması barədə xəbər də səslənib.
Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, musiqisini, turizm imkanlarını fransızlara daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərin davamı olaraq UNESCO-da “Qobustan kölgələri“ baletinin nümayiş etdirildiyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın tədbirdə iştirakı, baletin Strasburqda da göstərildiyi proqramda geniş əksini tapıb.
Əsasən AZƏRTAC-ın materialları əsasında hazırlanan verilişdə, həmçinin son günlər ölkəmizdə baş verən ən mühüm hadisələrlə bağlı xəbərlər səsləndirilib.
Veriliş ənənəvi olaraq Azərbaycan musiqisi ilə müşayiət olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris