Fuad Nurullayev: ABŞ-ın qərəzli münasibəti gözügötürməzlikdən başqa bir şey deyil
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan xalqı haqqı nahaqqa verən deyil. Biz torpaqlarımızı işğaldan azad etməklə bunu bir daha sübuta yetirdik. İllərlə Ermənistanın şər və böhtanlarının qarşısını layiqincə alan xalqımız ölkəmizə qarşı çirkin addımlar atan qüvvələrə qarşı bundan sonra da axıra qədər mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 11-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda keçirilən konfransda səsləndirib.
ABŞ Dövlət Departamentinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla bağlı qərəzli mövqeyini qınayan QMİ rəsmisi deyib: “Ölkəmizdə din etiqad azadlığı yüksək səviyyədə qorunur və dini baxışlarına görə heç kimə təzyiq göstərilmir, şiə-sünni problemi yoxdur. Bizim güclü dövlətimiz var və onu heç kim sarsıda bilməz. ABŞ-ın qərəzli münasibəti gözügötürməzlikdən başqa bir şey deyil. Dinin siyasiləşdirilməsi, siyasətə aləti edilməsi yolverilməzdir”.