Füzuli rayonunun Zobucuq qəsəbəsində aztəminatlı ailələrə ərzaq yardımı edilib
Füzuli, 15 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
Karantin rejimi zamanı ən çox çətinlik çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun müxtəlif yaşayış məntəqələrində bu təbəqədən olan vətəndaşların siyahısı hazırlanıb və vaxtaşırı olaraq onlara baş çəkilir, ərzaq yardımı və tibbi ləvazimatlar çatdırılır, digər köməklik göstərilir.
Rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri Zobucuq qəsəbəsində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə və aztəminatlı ailələrə baş çəkərək, onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıblar. Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və hüquq mühafizə orqanlarının rəhbərləri qəsəbədə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini də aparıb, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyə ediblər.
Füzuli rayonunda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimai fəallardan təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib. Rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evdə qalmaları izah olunur.