G20 Dinlərarası Dialoq Forumunda Azərbaycan multikulturalizmi müzakirə edilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov sentyabrın 5-dən 7-dək Hindistanın Puna şəhərində keçirilən G20 Dinlərarası Dialoq Forumunda iştirak edir.
BBMM-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Forum “Dinlərarası harmoniya vasitəsilə dünyada sülhün bərqərar olması və davamlı inkişafı” mövzusuna həsr edilib.
Rəvan Həsənov Forumun “Sosial birlik, sabit cəmiyyətlər və din” panelində “Azərbaycan Multikulturalizm modeli” mövzusunda məruzə edib. O, Azərbaycandakı multikultural və tolerant mühit, həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizmi modeli haqda ətraflı məlumat verib. Bildirib ki, multikulturalizm Azərbaycan xalqının mənəvi sərvətidir: “Azərbaycan tarixən çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu gün də bu ənənə Azərbaycanda davam etdirilir və qlobal səviyyədə təbliğ olunur. Azərbaycanın multikulturalizm dünya dövlətləri üçün örnək model kimi qəbul edilir”.
R.Həsənovun məruzəsi maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.