GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
Bakı, 18 iyun, AZƏRTAC
Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə çıxış edərək bildirib ki, intellektual yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında bilik mübadiləsini gücləndirmək, komanda ruhunu inkişaf etdirmək, həmçinin şəhərsalma və memarlıq sahəsinə marağın artırılmasıdır.
Qiyabi şöbənin müdiri Elsevər Nağıyev çıxışında bildirib ki, müasir dövrdə uğurun əsas şərtlərindən biri bilik və davamlı özünüinkişafdır. Bu cür yarışlar tələbələrin əldə etdikləri nəzəri bilikləri praktik şəkildə nümayiş etdirmələrinə, məntiqi təfəkkürlərini gücləndirmələrinə və sağlam rəqabət mühitində öz bacarıqlarını sınamalarına imkan yaradır.
İntellektual yarış üç mərhələdə — “Dünyagörüşü”, “Şəhərsalma və memarlıq” və “Tarix və mədəni irs” üzrə keçirilib. Ümumilikdə 30 sualdan ibarət yarışda komandalar sürət, məntiq və biliklərini nümayiş etdiriblər. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.
Rəqabətli keçən yarışın sonunda “Elm yolçuları” komandası I yerə layiq görülüb. II yeri “Zəfər nəbzi”, III yeri isə “Zəfər zirvəsi” komandası qazanıb.
Qaliblər pul mükafatı və fəxri fərmanlarla təltif olunublar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib.