“Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan olunub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.
ASK-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər. Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.
Mükafat fondu: 1-ci yer - 200 AZN dəyərində hədiyyə; 2-ci yer - 150 AZN dəyərində hədiyyə; 3-cü yer - 100 AZN dəyərində hədiyyə.
Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar. Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər.
Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır. Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.
Hazırlanan yazılar mayın 27-dək aşağıda göstərilənlərlə birlikdə “[email protected]” elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir (Şəxsiyyət vəsiqəsinin sürəti, oxuduğu məktəb və sinif, ev və ya mobil telefon).
Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaq. Qaliblər iyunun 1-də elan ediləcək.