Gələn həftədən Sumqayıt və Gəncə şəhərlərinin sakinləri arasında da seroloji testlər aparılacaq
Bakı, 28 avqust, AZƏRTAC
Artıq ikinci həftədir ki, ölkəmizdə ilk dəfə olaraq yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar seroloji test aparılır.
AZƏRTAC xəbər verir ki, həmin testlərin ilkin nəticələri barədə tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib: ”Aparılan skrininqlərlə əlaqədar indiyədək 1000 nəfərə yaxın təsadüfi seçilmiş paytaxt sakininə zəng edilib və onlardan götürülən 300-ə yaxın qan nümunəsi laboratoriyaya daxil olub. Gələn həftədən etibarən yoluxma halları daha çox olan Sumqayıt və Gəncə şəhərlərinin sakinlərindən də seroloji test götürüləcək. Nəticələr əldə olunduqdan sonra testlərin digər bölgələrdə də aparılıb-aparılmayacağı haqqında qərar veriləcək.
Skrininqlərlə əlaqədar bütün dünyada elmi tədqiqatlar aparılır. Həmin təcrübə infeksiyadan müdafiə edən anticisimlərin daha çox 18-65 yaşlı əhali arasında formalaşdığını göstərir. Bunu nəzərə alaraq biz də testlərin həmin yaş qrupundan olan əhali arasında aparılmasına üstünlük verdik. Uşaqlarda immunitet formalaşması daha gec baş verdiyinə görə, skrininqlərin yaşlılar arasında aparılması daha düzgündür. Alınan nəticələrin hansı yaş qrupu arasında immunitetin daha çox formalaşdığı skrininqlər başa çatıb nəticələr elan edildikdən sonra məlum olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda statistiklər onun üzərində işləyirlər”.
İşçi qrupunun rəhbərinin dediyinə görə, COVID-19-la əlaqədar aparılan diaqnostik müayinələrdən fərqli olaraq seroloji testlər aktiv xəstəliyi deyil, vətəndaşların indiyədək xəstəliyə yoluxub-yoluxmadığını göstərir. Testlər Almaniya istehsalı olan yüksək spesifikliyə malik reaktivlər vasitəsilə aparılır və həssaslığı 90-96 faiz arasındadır.