Gənc donor: “Bir gənc kimi qanvermə aksiyasının iştirakçılarından olmaq qürurvericidir”
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar - qürur günümüz ölkəmizin azadlığı uğrunda mübarizənin rəmzinə çevrilib. Həyata keçirilən qanvermə aksiyası məhz bu gün - şanlı şərəf tariximizin qəhrəmanlıq salnaməsi hesab olunan 20 Yanvar günü baş tutur. Bir gənc kimi qanvermə aksiyasının iştirakçılarından olmaq qürurvericidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında gənc donor Ayaz Umudov söyləyib.
A.Umudov bildirib ki, bu aksiyada iştirak etmək onun vətəndaşlıq borcudur: “Çünki bizim zəngin və qürur hissi ilə xatırladığımız, heç zaman unutmayacağımız böyük bir tariximiz var. Bu tarixin hər anında bizlər müstəqillik uğrunda canından keçmiş 20 Yanvar şəhidlərini daim anırıq. Bu gün keçirilən aksiya da məhz şəhidlərimizin adı ilə bağlıdır”.
Gənc donor qeyd edib ki, belə tədbirlərin davamlı olaraq həyata keçirilməsi təqdirəlayiq haldır: “Mən ilk dəfədir ki, qanvermə aksiyasında iştirak edirəm. Burada olmaq mənim üçün fəxarətdir. Çünki bilirəm ki, bu toplanan qan ehtiyatları talassemiya və eləcə də digər xəstəliklərdən əziyyət çəkən insanların sağlamlığına fayda verəcək. Mən gəncləri belə aksiyalarda iştirak etməyə, bu baxımdan insanlara kömək etməyə çağırıram”.