“Gənc istedadlar” liseyində ədəbiyyat gecəsi: Xalqa bağışlanan ömür
Bakı, 11 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı ədəbiyyat gecəsi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən liseyin direktoru Arif Bağırov Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladan A.Bağırov qeyd edib ki, Ulu Öndər elmə, təhsilə daim xüsusi önəm verib.
Liseyin Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi, polkovnik-leytenant Nihat Abdullayev Ulu Öndər Heydər Əliyev ideyalarının əhəmiyyətindən bəhs edib.
Sonra “Sən elə bir zirvəsən” mahnısı ifa olunub. Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.