GƏNC SƏRHƏDÇİLƏR VƏTƏNƏ SƏDAQƏT ANDI İÇMİŞLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsində Sərhəd Qoşunlarının yaradılmasının 89-cu ildönümü və gənc matrosların hərbi and içməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra, təlim-tədris prosesini uğurla başa vurmuş gənc matroslar doğma Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmrlərini ləyaqətlə yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına təntənəli surətdə and içmişlər.
DSX rəisinin müavini, sahil mühafizəsinin rəisi general-mayor İlham Mehdiyev ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, Dövlət Sərhəd Xidmətinin formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Mərasimdə ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən ordu quruculuğu xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməsi nəticəsində Azərbaycan sərhədlərinin etibarlı şəkildə qorunması istiqamətində ciddi nailiyyətlərin əldə olunduğu vurğulanmışdır.
Çıxış edənlər bu əlamətdar gündə hərbi and içmiş gənc matrosları sərhədçi-dənizçi sıralarına qoşulmaları münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə iştirak edən valideynlər hərbi hissələrdə övladlarına göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirmiş, onlara dövlət sərhədlərini etibarlı qorumağı tövsiyə etmişlər.
Sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar təqdim olunmuşdur.
Valideynlər sərhəd gözətçi gəmilərini gəzmiş, döyüş postlarına, yaşayış və xidmət otaqlarına baxmış, matrosların xidmət və məişət şəraiti ilə tanış olmuşlar.
######
