“Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın “Heydər Əliyev İli”nə həsr olunmasını qeyd
edən K.Aşurov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin qazanılması və qorunub saxlanılmasında tarixi rolundan danışıb, canından artıq sevdiyi Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov yarışın məktəblilər arasında sağlam həyat tərzinin təbliğindəki rolundan bəhs edib.
Sonra yarışa start verilib. Yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr
zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Tovuz rayonu A.S.Puşkin adına tam orta məktəbin komandası birinci yerə, Şəmkir rayonu Q.Allahverdiyev adına
Şiştəpə kənd tam orta məktəbin komandası ikinci yerə, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.