GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELDAR ƏZİZOVUN ÇIXIŞI
Bu gün Gəncənin həyatında əlamətdar bir gündür. Möhtərəm Prezidentimizin siyasi varisi, onun məktəbinin layiqli davamçısı hörmətli Baş nazir şəhərimizdədir. Gəncə sakinləri bu günü çoxdan gözləyirdilər. Qədirbilən camaatımız yaxşı dərk edir ki, son vaxtlar Gəncə şəhərində gedən quruculuq işləri məhz İlham Əliyevin köməyi ilə həyata keçirilibdir.
Bu gün şəhərdə işıq problemi həll olunub, şəhər gözəlləşib,
keyfiyyətcə yeni bir mərhələyə çıxıbdır. Bu nailiyyətdir və ilk növbədə hörmətli İlham müəllimin çoxsahəli fəaliyyətinin nəticəsi kimi qəbul olunur.
Çox hörmətli cənab Baş nazir, mən sizə çox məsuliyyətlə məruzə etmək istəyirəm. Gəncə sakinləri möhtərəm Prezidentin böyük siyasətini fəal dəstəkləyirlər. Hörmətli İlham müəllim, mən bütün Gəncə sakinlərinin istək və arzularını nəzərə alıb, tapşırıqlarını yerinə yetirərək, göstərdiyiniz köməyə görə Sizə onların dərin minnətdarlığını və hörmətini çatdırıram.
Bu gün ölkəmizdə siyasi sabitlik hökm sürür, islahatlar gedir, demokratiya inkişaf edir. Bunlar tarixi nailiyyətdir və ilk növbədə, möhtərəm Prezidentimizin fəaliyyətinin nəticəsidir. Bu tarixi nailiyyətləri qoruyub saxlamağa və gələcəkdə daha da inkişaf etdirməyə yalnız bir adamın, İlham Əliyevin gücü çatar.
Hörmətli İlham müəllim, bütün Gəncə sakinlərinin adından Sizi bir daha salamlayır, gördüyünüz işlərə görə minnətdarlığımızı bildiririk. Tam məsuliyyətlə bir də deyirik ki, Gəncə sakinləri möhtərəm Prezidentimizin siyasətinə bu gün də sadiqdirlər, sabah da, həmişə də bu cür olacaqdır.
Eşq olsun möhtərəm Prezidentimizə!
Eşq olsun İlham Əliyevə!