CƏMİYYƏT
Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri ilə görüş keçirilmişdir
Gəncə, 1 fevral (AZƏRTAC). 2 fevral - Azərbaycan Gəncləri Günü ərəfəsində Gəncə Olimpiya İdman Kompleksində şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş və ulu öndərin gənclərin problemləri ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışmışdır.
Dahi rəhbərin başladığı bu işin özündən sonra da uğurla davam etdirildiyini bildirən natiq 2012-ci ildə Azərbaycanın Gənclər Paytaxtı seçilən Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı müsabiqəsində də iştirak etməyə hazırlaşdığını diqqətə çatdırmışdır.
Sonra söz tələbələrə verilmişdir. Onlar dövlət gənclər siyasəti proqramının Gəncədə də uğurla həyata keçirildiyini, eləcə də gəncəli gənclərin keçən il XXX London Yay Olimpiya Oyunlarında, bir sıra beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində xalqımızı ləyaqətlə təmsil etdiklərini qeyd etmişlər.
Diqqətə çatdırılmışdır ki, tələbə gənclərin ictimai-siyasi həyatdakı rolunun artırılması dövlətimizin daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə çoxlu sayda uğurlara imza atılmışdır.
Şəhər rəhbərliyi ilə ötən ilin noyabrında keçirilən görüşdən sonra gənclərin irəli sürdükləri təkliflərə uyğun olaraq xeyli iş görüldüyünü bildirən tələbələr, bəzi problemlərin hələ də mövcud olduğunu demiş və onların aradan qaldırılması üçün arzu və təkliflərini bildirmişlər.
Qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə və təşkilatlara tapşırıqlar verilmişdir.