Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Gəncə, 26 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə iki müxtəlif ünvandan Gəncə Sukanal TSC-yə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıblar. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.