Gəncədə qanunsuz inşa edilən obyektlər sökülüb
Gəncə, 2 noyabr, AZƏRTAC
Gəncə şəhərində qanunsuz inşa edilən obyektlər sökülüb.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.
Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2, İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və S.Əliyev küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq söküntüsü təmin edilib.