Gənclər arasında keçirilən biznes-simulyasiya yarışının qalibi məlum olub
Bakı, 15 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və “Fibonacci Games”in birgə təşkilatçılığı ilə gənclər arasında “Fors-major hallarda biznes proseslərinin optimallaşdırılması” adlı biznes-simulyasiya yarışı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, biznes-simulyasiya “praktiki təhsil” konsepsiyası modelidir və qeyri-formal təhsil metoduna əsaslanır. Simulyasiya oyununda bazar iqtisadiyyatına aid real situasiyalar modelləşdirilir və iştirakçılara müddət, qiymət, risk və qərar qəbul etmə bacarıqları öyrədilir.
Yarışa qatılmış 19 komandanın hər biri eyni virtual biznes şəraitində fəaliyyət göstərən şirkətlər kimi çıxış edib. Virtual regionda son bir neçə ayda kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyəri, satış qiyməti və həcmi göstərilib. Komandalar pandemiyadan əvvəl, pandemiya zamanı və sonrası qiymət siyasətlərinə və biznes proseslərinə dəyişiklik etməklə məhsullarının satışını həyata keçiriblər. İştirakçıların verdikləri qərarlar öz göstəricilərinə və hər bir komandanın maliyyə balansına təsir edib.
Biznes-simulyasiya oyunu www.fibonaccigames.com saytında yayımlanan canlı videogörüntü və müasir informasiya-kommunikasiya texnologiyaları proqramları vasitəsilə həyata keçirilib. İştirakçılar saytda həftəlik tapşırıqlarla və maliyyə xəbərləri ilə tanış olub, öz aralarında onlayn müzakirə aparıb və yekun biznes qərarlarını saytın elektron blanklarında doldurublar.
“Bilik və birlik” şüarı altında keçirilmiş oyunda Ucar rayonunu təmsil edən “Nika” komandası ən çox virtual gəlir qazanıb və qalib adını qazanıb.
Biznes-simulyasiya yarışı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.3.5 bəndinə (Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi) uyğun olaraq təşkil edilib.
Məqsəd gənclərin iqtisadi biliklərinin artırılması və onlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir.