Gənclər “Elektron hökumət” barədə məlumatlandırılıb
Bakı, 5 yanvar, AZƏRTAC
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət - müasir gəncliyin trendi” layihəsinə yekun vurulub.
“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində paytaxtla yanaşı, Ağdam rayonunda seminarlar təşkil olunub. Ümumilikdə seminarlara 300-ə yaxın gənc qatılıb.
"Elektron hökumət" quruculuğu çərçivəsində təşkil olunan bu seminarların məqsədi hər bir Azərbaycan gəncini e-xidmətlərdən istifadəyə təşviq etmək, ölkədə gedən rəqəmsallaşma prosesinin iştirakçısına çevirmək olub.
Birliyin rəhbəri Rəşad Cəfərov bildirib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir gənc informasiya cəmiyyətinin yeniliklərindən xəbərdar olmalıdır. Belə ki, gələcəkdə vətəndaş-məmur əlaqələrinin daha çox “Elektron hökumət” üzərində qurulacağı labüddür və bu səbəbdən “Elektron hökumət”in təqdim etdiyi xidmətlərdən istifadə etməyi hər kəs bacarmalıdır. “Elektron hökumət”in qurulmasının sürətləndirilməsinin qarşısını alan əsas problemlərdən biri də gənclərin kifayət qədər məlumatlı olmaması, elektron xidmətlərdən istifadə qaydalarını bilməməsidir. Həyata keçirilən bu layihədə gənclər arasında müasir dövrün trendi olan “Elektron hökumət”ə aid olan “Elektron imza”, “Elektron hökumət” portalı, Açıq Hökumət Məlumatları barədə geniş maarifləndirmə işi aparılıb.
Seminarlarda, həmçinin "Elektron hökumət"də gənclər üçün yaradılan imkanlar barədə məlumatlar verilib, diskussiyalar təşkil olunub. Seminarların daha praktik olması üçün gənclərə “Elektron hökumət” portalı “e-gov.az” saytında audentifikasiya vasitələrindən olan istifadəçi adı və parolun əldə edilməsi qaydası da izah olunub.
Seminar iştirakçılarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalı ilə bağlı məlumat verilərək bildirilib ki, bu portal müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda “Elektron hökumət” portalında 438 elektron xidmət mövcuddur. “Elektron hökumət” portalı vasitəsilə arayışların elektron qaydada əldə edilməsi imkanı da yaradılıb ki, buna maraq daha böyükdür.