GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, aprelin 2-də gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan İngiltərənin “İdman” təşkilatının, bu ölkənin YUNİSEF-dəki nümayəndəliyinin və “Right to Play” proqramının rəhbərləri Eliaf Musagey, Ceyms Şaun və Kris Robinson ilə görüşmüşdür.
Qonaqlar bildirmişlər ki, başçılıq etdikləri təşkilatlar 2012-ci il London Olimpiya oyunlarına hazırlıq aparır və həvəsləndirici sosial proqram həyata keçirirlər. Azərbaycan idmanın inkişafı yüksək səviyyədə olduğu üçün proqramın regionda gerçəkləşdirilməsi mərkəzi seçilmişdir. Layihəni həyata keçirmək üçün London Olimpiadasında iştirak etmək potensialı olan gənc idmançılar seçiləcəkdir. Qonaqlar bildirmişlər ki, Azərbaycan gələcəkdə Olimpiada keçirilməsinə sifariş versə, bu təşkilatlar ölkəmizdə idman infrastrukturunun inkişafına kömək göstərəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idman hərəkatından danışaraq demişdir ki, hazırda Azərbaycanda müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, beynəlxalq turnirlər keçirilir, idman kompleksləri tikilir.
Azərbaycan Prezidenti İlham Əliyev gənc nəslin təlim-tərbiyəsinə, ölkəmizdə idmanın inkişafına böyük əhəmiyyət verir. İdmanın ayrı-ayrı növlərinin və bütövlükdə bədən tərbiyəsinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir.