Gəncliyə Yardım Fondunda 20 Yanvar şəhidləri xatırlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
1990-cı ilin 20 yanvarı deyəndə sovet imperiyasının xalqımıza qarşı ədalətsiz mövqeyindən qəzəblənərək küçələrə çıxıb etiraz edən ucsuz-bucaqsız insan dənizi, haqq deyə hayqıran min-min adamın uca kürsülərdən eşidilməyən səsi, öz xalqını suveren və müstəqil görmək arzusu ilə alışıb yanan gənclərin düyünlənmiş yumruğu yada düşür. 20 Yanvar deyəndə zirehli tankların üstündə şəhəri dolaşan kaskalı sovet əsgərlərinin dinc əhaliyə yönələn qəzəbli baxışı, heç bir xəbərdarlıq edilmədən səhərə qədər atılan və şəhərə rahatlıq verməyən avtomat atəşləri, gülləbaran edilmiş günahsız körpələr, qadın, uşaq və dinc sakinlər, milyonların çiynində son mənzilə yola salınan gül-çiçəyə bürünmüş şəhid tabutları düşür, bir də qan dənizində üzən Bakı küçələrində az qala hər səkiyə, hər addıma döşənən qırmızı qərənfillər ...
AZƏRTAC xəbər verir ki, Gəncliyə Yardım Fondunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirində də pilləkənlər, otaqlar, tədbirin keçirildiyi salonda stulların üstü qırmızı qərənfillərə bürünmüşdü.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.
Anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Azərbaycanın dövlət himni və Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı” səslənib.
Salona toplaşanlar 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yol” adlı videoçarxı izləyiblər.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbiri giriş sözü ilə açaraq xalqımızın azadlığı uğrunda mübarizədə şəhid olan və bu müqəddəs yolda qurban gedənlərin xatirəsinin həmişə əziz tutulacağını söyləyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral öz çıxışlarında qeyd ediblər ki, şəhidlərin qanı ilə başlanan cığır sonradan müqəddəs yola və istiqlal yolunun bələdçisinə çevrilib. Bildirilib ki, bu günümüz və gələcəyimiz üçün biz onlara borcluyuq, çünki tarixin bu dərsi xalqımızın gələcək həyatında ibrətli bir rol oynayıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva müqəddəs yolda canlarını fəda edən, ağır gündə Vətənin çağırışına hay verən oğul və qızlarımızın xatirəsinin həmişə əziz tutulacağını, onların başladıqları işin zaman-zaman gerçəyə çevriləcəyini söyləyib. Onun dediyinə görə, “bir millət-iki dövlət” olan Azərbaycan-Türkiyə birliyi və qardaşlığı bu sahədə də vacibdir, çünki onların gücü çox əhəmiyyətli məsələdir.
“20 Yanvar xalqımızın həyatında hüzn və qəhrəmanlıq günüdür”, - deyə çıxışına başlayan Milli Məclisin deputatı Musa Qasımlı həmin hadisələr nəticəsində sovet imperiyasının dayaqlarının sarsıldığını, kommunist rejiminin süquta doğru üz qoyduğunu vurğulayıb. O qeyd edib ki, 90-cı ilin yanvarında Bakıda baş verən hadisələr ədalətsizliyə dözməyən xalqın mətanət və iradəsinin nümayişinə çevrilib.
20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə və şəhid ailələrinin adından çıxış edən Maral Zamanova qanlı şənbə gecəsində şəhid olanların və yaralananların ailəsinə göstərilən diqqət və qayğıya, başlıcası isə böyük ehtirama və yüksək dəyərə görə minnətdarlıq ediblər. Qeyd olunub ki, illər bizi həmin hadisələrdən uzaqlaşdırsa da, yenə də günahsız qurbanların gülləyə tuş gələn taleyinə acıyırıq, qəlbimiz yenə də qan ağlayır, gözümüzdə yaş gilələnir. Amma xalqımız müstəqilliyinə qovuşduğuna, onların arzularının çiçək açdığına görə həm də təsəlli tapırıq.
Anım tədbiri başa çatandan sonra Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar şəhidi və əlillərindən olan 180 ailəni ərzaq yardımları ilə təmin edib.