Geologiya və Geofizika İnstitutunda keçirilən olimpiadanın qalibləri müəyyənləşib
Bakı, 15 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tələbələr üçün “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar elmin gələcəyidir” adlı III ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və təşkilat komitəsinin üzvləri iştirak ediblər.
Olimpiadanın təşkilat komitəsinin sədri akademik Əkpər Feyzullayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Geologiya və Geofizika İnstitutunda sayca üçüncü olimpiada ali ixtisas təhsili müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I və II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunub. Bu məqsədlə 2022-ci ilin mart ayında elan edilmiş olimpiadada iştirak üçün 28 nəfər qeydiyyata alınıb, 11 mövzu üzrə esseni onlardan yalnız 16 iddiaçı təqdim edib. Təşkilat komitəsinin üzvləri təqdim olunmuş esselərdən 7-ni seçərək final mərhələsinə buraxıb.
Sonra olimpiadanın final mərhələsinə buraxılan iştirakçılar - Zöhrab Əliyev (GGİ), Göyçək Təşviqi (GGİ), Tahir Qasımov (Bakı Dövlət Universiteti), Cəlal Əsgərov (GGİ), Elnur Musayev (GGİ), Səyyad Yunusov (GGİ), Fidan Abdullayeva (Fransa-Azərbaycan Universiteti) təklif olunmuş elmi mövzular əsasında təqdimat reallaşdırıblar, həmçinin qiymətləndirmə komissiyası üzvlərinin suallarını cavablandırıblar.
Daha sonra qiymətləndirmənin yekunlarına əsasən qaliblər müəyyənləşdirilib. Nəticədə Fidan Abdullayeva I, Elnur Musayev II, Zöhrab Əliyev III yerə layiq bilinib. Göyçək Təşviqi üçün həvəsləndirici mükafat ayrılıb.
Qaliblərə mükafatlar yaxın günlərdə təqdim ediləcək.