Goranboyda evdə gizli şəkildə ad günü keçirmək istəyən şəxslər saxlanılıblar
Bakı, 11 avqust, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, avqustun 10-da rayon polis şöbəsinə ərazidəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimi dayandırıb, iştirakçıları saxlayaraq polis şöbəsinə gətiriblər.
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər.
Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib. Bildirib ki, bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının mütəmadi qaydada keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barədə qanunlara uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlardan 10 nəfəri barədə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa görülən tədbirlər nəticəsində rayon ərazisində bir nişan və bir toy mərasiminin keçirilməsinin qarşısı alınıb.