GÖRKƏMLİ ALİMİN ANADAN OLMASININ 70 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA
AZƏRTAC xəbər verir ki, dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli etnoqraf alim, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasovun anadan olmasının 70 illiyinə həsr edilmiş “2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov görkəmli alim Arif Abbasovun elmimizin inkişafındakı mühüm xidmətlərindən danışmış, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirmişdir.
Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alimin mənalı ömür yolundan, Azərbaycanın tarix elminə verdiyi dəyərli töhfələrdən bəhs etmişdir.
Arif Abbasov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının (AEA) Tarix İnstitutunda elmi-tədqiqat işlərinə başlamış, bir müddət Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda təcrübə keçmişdir. Moskvadan qayıtdıqdan sonra o, Azərbaycan EA-da müxtəlif vəzifələrdə işləmiş, 1993-cü ildən isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur.
A.Abbasov 1974-cü ildə “Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti” mövzusunda namizədlik, 1955-ci ildə “Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Professor A.Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir.
A.Abbasov həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda elmimizi layiqincə təmsil etmişdir.
Akademik Teymur Bünyadov və digər alimlər də professor A.Abbasovun elmi nailiyyətlərinin əhəmiyyətini vurğulamış, nəcib insani keyfiyyətlərindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.
Sonra elmi sessiya bölmə iclaslarında işini davam etdirmişdir.