Fransa Milli Birlik Partiyasının lideri ilə bağlı apellyasiya qərarının veriləcəyi tarix məlum olub
Paris, 12 fevral, AZƏRTAC
Fransa Milli Birlik Partiyasının lideri Marin Lö Penlə bağlı apellyasiya qərarının veriləcəyi tarix məlum olub. Paris Apellyasiya Məhkəməsi Avropa Parlamentində çalışmış köməkçilərlə bağlı iş üzrə qərarın iyulun 7-si saat 13:30-da elan ediləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluq Marin Lö Pen üçün 5 il müddətinə seçilmək hüququndan məhrumetmə cəzası tələb edib. Milli Birlik Partiyasının lideri isə 2027-ci ildə keçiriləcək prezident seçkisində dördüncü dəfə namizəd olmağı planlaşdırır.
Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Lö Pen qərarın tez açıqlanmasının onun üçün daha yaxşı olacağını bildirib.
Onun vəkili Rodolf Bossölu veriləcək qərarın siyasi əhəmiyyətini xüsusi vurğulayıb: “O, ölkə üçün mühüm olan seçkinin astanasındadır. Qarşıdan gələn prezident seçkisi verəcəyiniz hökmü daha da taleyüklü edir”.
Qeyd edək ki, bu iş 2004–2016-cı illərdə Avropa İttifaqı vəsaitlərinin mənimsənilməsi şübhələri ilə bağlıdır. İttihama görə, partiya Avropa Parlamentinin ayırdığı vəsait hesabına maaş alan parlament köməkçilərini, əslində, qismən və ya tam şəkildə Fransada partiya üçün işlədib. 2025-ci ilin mart ayının sonunda birinci instansiya məhkəməsi Marin Lö Pen və partiyanın bir neçə rəhbər şəxsini təqsirli bilib. Milli Birlik Partiyasının lideri 2 ili şərti olmaqla, 4 il həbs cəzasına məhkum edilib. Bundan əlavə, ona 5 il müddətinə seçilmək hüququndan məhrumetmə və 100 min avro cərimə də tətbiq edilib. Təqsirləndirilən şəxslər bu qərardan apellyasiya şikayəti veriblər.