“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri davam edir
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda dərslər cari tədris ilində davam edir.
AZƏRTAC xəbər verir ki, BŞTİ və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən keçirilən dərslər “Heydər Əliyev irsində azərbaycançılıq məfkurəsi və milli ideologiya” mövzusuna həsr olunub. YAP Nərimanov rayon təşkilatında keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Heydər Əliyev irsinin Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və ideoloji birliyinin möhkəm təməli olduğunu bildirib. O qeyd edib ki, bu irsin mərkəzində dayanan azərbaycançılıq məfkurəsi milli ideologiyamızın əsas sütunu kimi xalqımızı dil, mədəniyyət, tarix və dövlətçilik ətrafında birləşdirən güclü ideyadır.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılığı təkcə etnik mənsubiyyət kimi deyil, hər kəsi birləşdirən ümummilli dəyər kimi qiymətləndirib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatı tərəfindən şagirdlər arasında “Zəfərin səsi - qürur günümüz” adlı inşa yazı müsabiqəsinin qalibləri təltif olunub.
Tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası ilə davam edib.
Sonda dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dərslər 2025-2026-cı tədris ilinin sonuna kimi paytaxtın ümumtəhsil müəssisələri üzrə davam edəcək.