Akademik İsa Həbibbəyli: İslam Səfərli Azərbaycan şeirinin Xəzər silsiləsini yaratmışdır
Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür
Bakı, 12 fevral, AZƏRTAC
O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qaldı. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair, Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 103-cü ildönümü tamam olur.
Şair könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, həm də oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi tanınıb.
Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.
Böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.
18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri - lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.
Akademik İsa Həbibbəyli isə şair haqqında belə deyib: “İslam Səfərli Azərbaycan şeirinin Xəzər silsiləsini yaratmışdır. Onun şeirlərində Xəzərin özünəməxsus poetik obrazı canlandırılmışdır”.
İslam Səfərli 1974-cü il noyabrın 6-da uzunsürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.