ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi postmünaqişə dövründə etimadı artırır ŞƏRH
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlıq mərhələsi açılıb. Bu yeni əməkdaşlıq mərhələsi ölkələr arasında siyasi dialoqla yanaşı, real layihələr və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərini əhatə edir. Energetika, təhlükəsizlik, texnologiya və regional inteqrasiya kimi sahələrdə əməkdaşlıq münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə aparılan müzakirələr, imzalanan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədin əsas üstünlüklərindən biri ərazi bütövlüyü və suverenliyə dəstəyin ifadə olunmasıdır. Bu o deməkdir ki, qarşılıqlı əməkdaşlıq zamanı heç bir halda bu məsələ müzakirə mövzusu ola bilməz. Xartiya çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişlənməsi, müdafiə qabiliyyətinin güclənməsinə, həmçinin sərhəd və enerji infrastrukturunun daha səmərəli qorunmasına da töhfə verəcək. Region enerji və nəqliyyat dəhlizləri baxımından qlobal əhəmiyyət daşıdığından, bu istiqamətdə əməkdaşlıq sabitliyə də töhfə verəcək.
Deputat qeyd edib ki, Xartiyanın mühüm aspektlərindən biri də sülhün təşviqidir. Məhz 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra regionda yeni sülh dövrü başlayıb. ABŞ ilə əməkdaşlıq postmünaqişə dövründə etimadın artırılması, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi baxımından da əhəmiyyətlidir. Ümumiyyətlə, güclü beynəlxalq tərəfdaşlıq Azərbaycanın mövqelərini möhkəmləndirərək, regionda uzunmüddətli sabitliyin formalaşmasına zəmanət verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas və etibarlı təminatçısı olduğundan Birləşmiş Ştatlar da bu sahədə ölkəmizlə işbirliyinə önəm verir. Strateji tərəfdaşlıq enerji ixracı, yaşıl enerji layihələri və alternativ marşrutların inkişafı sahəsində də perspektivlidir. Bu isə yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Mövcud geosiyasi reallıqlar fonunda ABŞ ilə yüksəksəviyyəli tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.