Avropa liderləri Alden Bizzen qalasında nəyi müzakirə edəcəklər?
Brüssel, 12 fevral, AZƏRTAC
Avropa İttifaqının iqtisadi rəqabət qabiliyyətinin zəifləməsi fonunda qurumun liderləri Belçikanın kənd bölgəsində yerləşən Alden Bizzen qalasında qeyri-rəsmi toplantıya toplaşırlar. Görüşün əsas məqsədi vahid bazarın səmərəliliyini artırmaq və biznes üçün maneə yaradan qaydaların azaldılması yollarını müzakirə etməkdir.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen görüş ərəfəsində verdiyi çıxışlarda iqtisadi çətinliklərin səbəblərinin yalnız Brüsseldə axtarılmasının doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, bir çox problemlər üzv ölkələrin öz milli səviyyədə tətbiq etdiyi əlavə qaydalar və proteksionist yanaşmalarla bağlıdır. Bu cür yanaşmalar vahid bazarın tam gücü ilə işləməsinə mane olur.
Fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı qeyd edib ki, peşə ixtisaslarının qarşılıqlı tanınmaması, məhsulların etiketlənməsi ilə bağlı fərqli tələblər və nəqliyyat qaydalarındakı uyğunsuzluqlar şirkətlərin sərhədlərarası fəaliyyətini çətinləşdirir. O, bir ölkədə icazə verilən yük həcminin digərində məhdudlaşdırılmasını buna nümunə göstərib.
Komissiya artıq bürokratik yükün azaldılması məqsədilə bir neçə qanunvericilik paketi təqdim edib və bunun illik milyardlarla avro qənaət yaradacağı gözlənilir. Lakin Brüsselin mövqeyinə görə, real nəticə üçün üzv dövlətlərin də paralel addımlar atması vacibdir.
Bununla yanaşı, bəzi paytaxtlar yeni qaydaların məhdudlaşdırılmasını tələb edir və məsuliyyəti daha çox Aİ institutlarının üzərinə qoyur. Ekspertlər isə hesab edir ki, qarşılıqlı ittihamlar əvəzinə koordinasiyalı yanaşma daha effektiv ola bilər.
Alden Bizzen görüşündə tərəflərin əsas vəzifəsi ortaq mövqeyə yaxınlaşmaq və Avropanın uzunmüddətli iqtisadi potensialını gücləndirəcək praktik həllər tapmaq olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel