SİYASƏT
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad olundu
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi və respublikanın qadın ictimaiyyətinin nümayəndələri alimin doğum günündə İkinci Fəxri xiyabana gəliblər. Görkəmli şərqşünas alimin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünya şərqşünaslığı tarixində xüsusi yeri olan Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas, qayğıkeş, nəcib insan idi. Mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etmiş, şərqşünaslıq elmində silinməz iz qoymuş Aida İmanquliyevanın əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin əvəzolunmaz sərvəti, dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır.
Komitə sədri vurğulayıb ki, iyirmidən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan A.İmanquliyeva tarixə ilk müsəlman şərqşünas alim qadın, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınmışdı.
Aida İmanquliyeva özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmişdi. Onun ərəb mühacir ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatları öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb mühacir ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb alimləri arasında da geniş maraq doğurub, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Aida İmanquliyeva keçmiş Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Fədakar alim belə bir çətin kursun yaradılmasına böyük əmək sərf etməklə nail olub. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, mötəbər elmi vəsaitlərdəndir. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alim idi.
Tədbirdə çıxış edən digər natiqlər də şərqşünaslıq elminin inkişafına böyük töhfələr vermiş alimin mənalı ömür yolundan və zəngin yaradıcılığının diqqət çəkən məqamlarından danışıblar.