REGİONLAR
Göyçayda birinci yarımilin yekunları müzakirə olunub

Göyçay, 22 iyul, AZƏRTAC
Göyçayda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində, eləcə də çıxışlarda aqrar sektorda, o cümlədən bitkiçilik və heyvandarlıq sahələrində bir sıra uğurların qazanıldığı diqqətə çatdırılıb. Yarımildə ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalının 586,9 ton, kartof istehsalının 574,9 ton, meyvə istehsalının 1290,2 ton artdığı vurğulanıb, ümumi məhsul buraxılışının ötənilki səviyyədə olduğu bildirilib.
Videokonfransda rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin görüldüyü qeyd olunub. Belə ki, Potu kəndinin ərazisində su mənbəyində qazılmış 7-ci subartezian quyusu işə salınıb, şəhəri içməli su ilə təmin edən mərkəzləşdirilmiş su anbarında, nasos stansiyasında yaranmış texniki qüsurlar aradan qaldırılıb. Rayonun elektrik təsərrüfatının dayanıqlığının artırılması məqsədilə 110 kV-luq Göyçay yarımstansiyasından 20 mVA-lıq transformator 40 mVA-lıq güc transformatoru ilə əvəz edilərək yarımstansiyanın ümumi gücü 65 mVA-ya çatdırılıb. Bu da maksimum pik saatlarında əhalinin normal gərginlikli elektrik enerjisi ilə tam təminatına imkan verəcək. Hazırda Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına Göyçay çayında seldən mühafizə tədbirləri davam etdirilir.
Yarımildə 1517 yeni iş yeri açılıb, o cümlədən “DOST İş Mərkəzi” tərəfindən təqdim olunan 600-ə yaxın iş yerinə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar qəbul edilib.
Videokonfransda dünyanı bürüyən koronovirus pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq olunan karantin rejiminin tələblərinin gözlənilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışılıb. Rayonda bu məqsədlə xüsusi qərargahın yaradıldığı, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılması və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sanitar dezinfeksiya işlərinin görüldüyü bildirilib. Qeyd olunub ki, tətbiq olunan karantin rejimi ilə əlaqədar rayon ərazisində ictimai iaşə, ticarət və xidmət obyektlərində reydlərin aparılması üçün hər birinin tərkibində 4 nəfər olmaqla 31 mobil qrup yaradılıb, bu qruplar tərəfindən pandemiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarət məqsədilə 1500-ə yaxın obyektdə reyd keçirilib.
Videokonfransda qarşıda duran vəzifələr geniş müzakirə olunub, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.