SİYASƏT
GUAM-ın Kiyevdəki baş qərargahında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə işçi qrupun növbəti iclası keçirilmişdir
Kiyev, 21 aprel (AZƏRTAC). GUAM-ın Kiyevdəki Katibliyindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 19-20-də təşkilatın baş qərargahında Azərbaycan tərəfinin sədrliyi ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə işçi qrupun 10-cu iclası keçirilmişdir.
Nümayəndə heyətləri GUAM ölkələrinin narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində milli qanunvericiliklər, əməliyyat vəziyyəti və görülən tədbirlər barədə informasiya mübadiləsi aparmışlar.
İşçi qrupu Əfqanıstandan narkotik vasitələrin nəqli marşrutlarının tədqiqi ilə bağlı qlobal UNODC layihəsinin gerçəkləşdirilməsində GUAM-ın iştirakına dair məsələləri müzakirə etmişdir.
İclasda Əfqanıstan narkotiklərlə mübarizə polisi ilə videokonfrans keçirilmişdir. İştirakçılar Əfqanıstanın UNDOC layihəsində iştirakı, informasiya mübadiləsi və gələcək əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirmişlər.
İşçi qrupu GUAM-da cinayətkarlığın vəziyyəti və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində meyillərlə əlaqədar məsələləri müzakirə etmişlər.
GUAM-ın müvafiq səlahiyyətli orqanlarının narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində “Narkostop-2012” şərti adı altında birgə tədbir keçirməsinə dair razılıq əldə edilmişdir.
Tərəflər regional əməkdaşlıq baxımından GUAM ilə Cənub-Şərqi Avropa Hüquq-mühafizə Mərkəzi arasında qarşılıqlı fəaliyyətin vacibliyini diqqətə çatdırmışlar.
İclasın yekunlarına dair protokol imzalanmışdır. Qrupun növbəti iclasını oktyabrda Bakıda keçirmək planlaşdırılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev