GUAM-ın ticarətə və nəqliyyata dəstək layihəsinin rəhbər komitəsinin iclasının gündəliyi müzakirə edilib
Kiyev, 26 dekabr, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin dekabrın 26-da Ukrayna Dövlət Fiskal Xidməti sədrinin müavini Anatoli Makarenko ilə görüşüb. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahından məlumat veriblər.
Görüşdə gömrük sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparan tərəflər gömrük nəzarətinin təkmilləşdirilməsinə, yüklərin buraxılış məntəqələrindən keçməsi vaxtının qısaldılmasına yönələn yeni layihələrlə çıxış etməyin əhəmiyyətini vurğulayıblar. Tərəflərin fikrincə, bu, qurumun nəqliyyat potensialının inkişafına müsbət təsir göstərəcək.
Bundan əlavə, tərəflər GUAM-ın ticarətə və nəqliyyata dəstək layihəsinin Rəhbər komitəsinin 20145-ci ilin birinci yarısında Azərbaycanda keçiriləcək iclasının gündəliyini və bu iclasın GUAM ölkələrinin gömrük idarələrinin rəhbərləri səviyyəsində keçirilməsinin məqsədyönlülüyünü müzakirə ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev