REGİONLAR
Gündüz İsmayılov: Azərbaycan multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir
Masallı, 14 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Masallı şəhərində “Dini radikalizm milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Masallıdakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Regional konfrans Dövlət Himninin səsləndirilməsi ilə işə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahəyə münasibətdən, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğıdan, nümunəvi tolerantlıq mühitindən danışıb. Masallıdakı dini durum barədə də məlumat verən Araz Əhmədov rayonda aparılan dini və hüquqi maarifçilik işlərinin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən məsələlərdən biri məhz Qarabağ və Şərqi Zəngəzura mənəvi qayıdışımızın simvolu kimi dini abidələrin təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanmalıdır. Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir.
Sədr müavini ölkəmizin sahib olduğu bu zənginliklərin qorunub saxlanılmasında aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Regional konfrans işini “Dini zəmində xarici təsirlər və onlara qarşı mübarizə” və “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” mövzularında panellərlə davam etdirib.