Gürcüstanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb
Tbilisi, 20 may, AZƏRTAC
Gürcüstanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qonşu ölkədə 2017-ci ildə aqrar torpaqlardan istifadə son dörd ildə ən aşağı həddə düşüb. 2017-ci ildə 214 min 900 hektar sahədə əkin işləri həyata keçirilib. Bu rəqəm 2016-cı ildə 240 000 hektar, 2015-ci ildə 263 min 700 hektar, 2014-cü ildə isə 274 min 900 hektar olub.
Gürcüstanda taxıl məhsullarının əkini aşağı düşüb. Belə ki, 2014-cü ildə 58 min 400 hektarda, 2015-ci ildə 56 min 200 hektarda, 2016-cı ildə 60 min 500, 2017-ci ildə isə 52 min 500 hektarda taxıl məhsulu əkilib.
Keçən il Gürcüstanda son 4 ildə ən aşağı miqdarda - 58 min ton sitrus meyvələri tədarük olunub. Digər meyvələrin tədarükü də son 4 ildə 75 min ton azalaraq 111 min 800 ton təşkil edib.
Fermerlər hesab edirlər ki, əgər belə davam edərsə, yaxın bir iki ilə Gürcüstan hər şeyi xaricdən almalı olacaq.
Məlumatlara görə, bu gün əkinə yararlı torpaqların 0,9 faizi xarici ölkə vətəndaşlarına məxsusdur. Xaricilər sırasında Azərbaycan vətəndaşları da var.
Gürcüstanın “Gələcəyin fermeri” qeyri-hökumət təşkilatının rəhbəri Rusudan Qiqaşvili bildirib ki, bəzi Avropa ölkələrində kənd təsərrüfatına yararlı torpaqların 20 faizi xarici ölkə vətəndaşlarına məxsusdur. Gürcüstanda isə bu rəqəm 0,9 faizdir. Bu Avropaya inteqrasiya edən, kənd təsərrüfatını inkişaf etdirmək istəyən Gürcüstan üçün çox aşağı göstəricidir.
Onun sözlərinə görə, Gürcüstan hökuməti aqrar torpaqları xaricilərə satmaqda ehtiyat edir. “Bu normal haldır. Lakin bu cür davam edə bilməz. Xarici vətəndaşlar torpaq almaqla ölkədə kənd təsərrüfatının inkişafına təkan vermiş olurlar. Ona görə də məsələnin həlli yolunu tapmaq lazımdır”, - deyə Qiqaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi