Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb
Tbilisi, 15 may, AZƏRTAC
Cari ildə Gürcüstanda QİÇS-ə yoluxanların sayında artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 2020-ci il mayın 13-nə olan məlumata görə, ölkədə 8 min 299 nəfər QİÇS xəstəsi var. Bu il QİÇS-ə 197 yeni yoluxma faktı qeydə alınıb. Keçən ilin may ayından bu günədək bu rəqəm 214 nəfər təşkil edib.
QİÇS-ə yoluxanların 6 min 196-sı kişi, 2 min 103-ü isə qadındır. Xəstəliyə yoluxanların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır.
QİÇS 4 min 340 nəfərdə inkişaf edib, min 690 nəfər bu virusdan dünyasını dəyişib.
Bu insanların 37,3 faizi narkotik vasitələrdən istifadə, 48,4 faizi heteroseksual əlaqə nəticəsində bu virusa yoluxub.
AİDS xəstələri ən çox paytaxt Tbilisidə qeydə alınıb - 3 min 74 nəfər. Onlardan 87-si xarici ölkə vətəndaşlarıdır.
Ölkənin Sameqrelo bölgəsində min 147, İmereti bölgəsində 998, Acarıstanda 949, Abxaziyada 525, Kaxetidə 408, Şidi Kartlidə 473, Quriyada 304, Samtsxe-Cavaxetiya bölgəsində isə 112 AİDS xəstəsi var.
Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli Borçalı bölgəsində AİDS xəstələrinin sayı 473 nəfərə çatıb.
AİDS virusundan 2020-ci ildə ölənlərin 45-i kişi, 10 nəfəri isə qadınlardır.
Gürcüstanda ümumilikdə 116 uşaqda HİV aşkar edilib. Onlardan 70-i oğlan, 46-sı qız uşaqları olub.
Bu günədək 27 uşaq dünyasını dəyişib, 3 nəfər isə valideynləri ilə birlikdə ölkəni tərk edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi