Gürcüstanın Saqareco rayonunda Qanlı Yanvara həsr olunmuş aksiya keçirilib
Tbilisi, 20 yanvar, AZƏRTAC
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Saqareco rayonunun Qaraçöp kəndində 20 Yanvar faciəsi ilə əlaqədar aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, ağsaqqallar, bələdiyyələrin və icra nümayəndəliklərinin rəhbərləri, üzvləri, məktəblilər Qaraçöp kəndinin mərkəzindən 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə qədər yürüş ediblər.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, şəhidlərin fotoşəkillərini, eləcə də şagirdlərin şəhidlərə həsr etdikləri rəsmləri tutan aksiya iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidləri unutmayaq”, “Unutsaq, unudularıq” və s. şüarlar səsləndiriblər.
Aksiya abidənin önündə davam edib.
Əslən Qaraçöpdən olan, 20 Yanvar hadisəsi zamanı şəhid olmuş Ələsgər Qayıbovun ailəsinə başsağlığı verilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar, kənd bələdiyyəsinin üzvlərindən Rizvan Məmmədov, Elşad Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Ağabalı Xeyirxəbərov və başqaları çıxış edərək Qanlı Yanvar faciəsindən danışıblar. Bildirilib ki, təkcə Qaraçöp sakinləri deyil, Saqareco rayonunda və ümumilikdə, bütün Gürcüstanda yaşayan insanlar nə 20 Yanvar, nə də 9 Aprel hadisələrinin nəticələrini unutmayacaqlar. Bu hadisələr xalqlarımızın tarixində qanlı səhifə olmaqla yanaşı, qəhrəmanlıq tariximizin də şanlı səhifəsidir.
Aprel və Yanvar hadisələri zamanı şəhid olanlar öz qanları ilə müstəqillik tariximizdə şərəfli səhifə yazıblar. Heç bir xalq öz qəhrəmanlarını unutmaz.
Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi