CƏMİYYƏT
Hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif olunub
Bakı, 27 noyabr, AZƏRTAC
"De Fendo" Vəkil Bürosunda hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif olunub.
Vəkillər Kollegiyasından (ARVK) AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr diqqətə çatdırıb ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Eyni zamanda, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksəkixtisaslı kadrların irəli çəkilməsindən danışan A.Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.
Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.
Prezident İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən, hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü – Rəmzi Nəbiyev Şirvan Kommersiya Məhkəməsinə, Aqil Nuriyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Tağı Qənbərov Tərtər Hərbi Məhkəməsinə, Teymur Həsənov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Günel Məmmədova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Şəfiqə Meybullayeva Astara Rayon Məhkəməsinə, Samir Bayramov Xaçmaz Rayon Məhkəməsinə və Elşən Hüseynov isə Masallı Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin olunublar.
Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.