Hakimlərin Seçki Komitəsinin sədri: Hazırda 91 namizəd seçki prosesinin müxtəlif mərhələlərində iştirak edir
Bakı, 3 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən məhkəmələr qarşısında işlərə səmərəli, vaxtında və keyfiyyətlə baxılması ilə əlaqədar mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrası ilə bağlı hakim ştatları 200 vahid artırılıb. Bu müddətdə 1500-ə yaxın namizəd seçki prosesinin müxtəlif mərhələlərində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 3-də jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov məlumat verib.
O bildirib ki, namizədlərdən 155 nəfəri bütün prosesləri müvəffəqiyyətlə başa vuraraq müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin edilib.
Həmçinin 91 nəfər namizəd seçki prosesinin müxtəlif mərhələlərində iştirak edir. Namizədlər bu prosesi uğurla başa vurduqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən onların hakim vəzifələrinə təyin olunması barədə namizədlikləri irəli sürüləcək.
Hazırda sənədlərini təqdim etmiş namizədlər fərdi qaydada müasir texnologiyadan istifadə etməklə imtahanların ilk test turunda iştirak edirlər. Bu imtahanı müvəffəqiyyətlə keçmiş, yəni 60 və daha yüksək bal toplanmış namizədlər seçki prosesinin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
“Bu gün 100-dən artıq vakant hakim ştatı mövcuddur. Biz bundan sonra da hakim korpusunun tamamlanması üçün bu vakant yerlərə seçki prosesini təşkil etmək üçün intensiv olaraq sənədlərin qəbulunu və imtahanlarımızı davam etdirəcəyik”, - deyə Vidadi Cəfərov vurğulayıb.