HƏFTƏNİN SONUNADƏK KƏSKİN İSTİLƏR DAVAM EDƏCƏKDİR
Bakı, 5 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 7-də hava şəraiti günəşli keçəcək, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaqdır. Havanın temperaturu gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaqdır.
Avqustun 8-də də hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz 37-39 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında avqustun 6-da hava şəraitinin günəşli keçəcəyi və şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə isə 42, dağlarda isə gecə 16-21, gündüz 30-35 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 7-8-də hava şəraiti günəşli keçəcək və şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda isə gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaqdır.
Həftənin sonunadək Abşeron yarımadasında kəskin isti hava şəraitinin davam edəcəyi, zəif küləklərin üstünlüyü, bəzi saatlarda havada rütubətliyin çox olacağı gözlənilir ki, belə meteoroloji şərait meteohəssas, xüsusən də, tənəffüs və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün risklidir.