Helsinkidə Xocalı soyqırımı ilə əlaqədar mitinq keçirilmişdir
Helsinki, 23 fevral (AZƏRTAC). Helsinkidə, Finlandiya parlamentinin qarşısında “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar izdihamlı mitinq keçirilmişdir. Aksiya iştirakçıları əllərində “Xocalıya ədalət” sözləri yazılmış plakatlar, Azərbaycanın və Türkiyənin bayraqlarını tutmuşdular. Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil edilmiş mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova çıxışında Xocalı faciəsini ermənilər tərəfindən bəşəriyyət əleyhinə törədilmiş ən amansız cinayət adlandırmışdır. O, beynəlxalq ictimaiyyətin bu terror aktına obyektiv qiymət verməsinin zəruriliyini vurğulamışdır.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İstedadlı Azərbaycan rəssamı, “EU-AZ” Mədəniyyət Assosiasiyasının sədri Çingiz Abbasov, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində gənclər təşkilatının üzvləri Esmira Rzayeva, Ülkər Ağayeva ermənilərin dinc Xocalı sakinlərinin başına gətirdikləri misli görünməmiş vəhşiliklərdən söhbət açaraq bildirmişlər ki, bu faciənin günahkarları cəzalandırılmalıdır.
Türkiyə diaspor təşkilatının sədri Engir Uludamar demişdir ki, tarixdə türklərə qarşı çoxlu sayda soyqırımı aktı törədilmişdir. Onlardan sonuncusu 22 il əvvəl Xocalıda baş vermişdir. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu cinayətə hələ də lazımi qiymət verməmişdir.
Mitinqdə Xocalı soyqırımı ilə bağlı petisiya imzalanmışdır. Petisiya videomateriallarla birlikdə Finlandiya Xarici İşlər Nazirliyinə və parlamentinə göndərilmişdir.
Tədbirdən sonra “Sokos” otelində ehsan verilmişdir.
Helsinkidəki tatar məscidində isə namaz zamanı Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunmuşdur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki