“Heroqliflərin sirri” kitabının təqdimat keçirilib
Bakı, 29 dekabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilib.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şair və yazıçılar, tələbələr iştirak ediblər.
Kitabxananın direktoru Aslan Cəfərov tədbir barədə məlumat verərək, ölkəmizdə istedadlı və bacarıqlı gənclərə göstərilən dövlət qayğısından, gənclər siyasətindən danışıb. “Bu gün müəllif Elbrus Kəlbiyev kimi gənc yazarlar öz istedadları, mahir qələmləri sayəsində geniş oxucu kütləsi arasında tanınır və oxucu rəğbətini qazanır. İndiyə kimi altı romanı çap olunan E.Kəlbiyevin kitablarının bir çoxu Respublika Gənclər Kitabxanasının fondunda saxlanılır və oxucular arasında bu kitablara tələbat da çoxdur. Müəllifin kriminal və psixoloji detektiv sahəsində mahir qələm sahibidir”.
Tədbirdə, həmçinin iştirak edən qonaqlar E.Kəlbiyevin qələmə aldığı əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları daim diqqətdə saxlayan süjet xətti haqqında danışıblar. Müəllifin kitablarının böyük sevgi ilə yazıldığı və çox maraqlı üsluba malik olduğu vurğulanaraq, eyni zamanda, kitablarının xarici dillərə tərcümə edilməsi, elektron variantlarının hazırlanması zəruriyyətinin olduğu da bildirilib.
Detektiv yazıçı Elbrus Kəlbiyev haqqında söylənilən dəyərli fikirlərə görə qonaqlara öz minnətdarlığını bildirib və tədbirdə oxucuları ilə canlı ünsiyyətdə olması imkanına görə çox məmnun olduğunu dilə gətirib. Tədbirin məhz kitab, mütaliə ocağı olan kitabxanada təşkil edildiyinə görə kitabxana kollektivinə təşəkkür edib.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına bağışlayıb.