CƏMİYYƏT
Həştərxandakı “Bakı” məscidində müxtəlif xalqların nümayəndələri ibadət edir
Həştərxan, 25 oktyabr, AZƏRTAC
Həştərxandakı “Bakinskaya” küçəsində yerləşən “Bakı” məscidi Rusiyanın bu şəhərinin qədim məbədlərindən biridir. Dini mərasimlər zamanı buraya 150-ə yaxın dindar toplaşır.
Məscidin binası 1909-cu ildə Kriuşi tatar məhəlləsində tikilib və elə məhəllənin adına uyğun olaraq da “Kriuşi” adlandırılıb. Sovet hakimiyyəti illərində məscidin minarəsi dağıdılıb, binadan anbar, sonralar isə mədəniyyət evi kimi istifadə olunub.
Məscidin mollası Hacı Nazim AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, məbədin binası sovet hakimiyyəti dağılandan sonra, 1997-ci ildə yerli Azərbaycan icmasının ianəsi hesabına bərpa edilib. Bundan sonra məbəd “Bakı” məscidi adlandırılıb. “Həştərxanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq “Bakı” məscidinə təkcə azərbaycanlılar deyil, bütün millətlərdən olan müsəlmanlar gəlir. Burada məhərrəmlik ayı mərasimləri, Qurban və Ramazan bayramları ilə bağlı tədbirlər keçirilir. Lakin məscid binasının hazırda təmirə ehtiyacı var”, - deyə o bildirib.
“Bakı” məscidinin Həştərxanda şiə məzhəbinə aid fəaliyyət göstərən yeganə məbəddir. 1860-cı ildə Həştərxanın fars icmasının vəsaiti hesabına tikilmiş Fars məscidi hazırda fəaliyyət göstərmir. Sovet hakimiyyəti illərində tikiş fabrikinin yerləşdiyi məscid binası tamamilə yarasız vəziyyətdədir.
Həştərxanda ümumilikdə 15-ə yaxın məscid fəaliyyət göstərir. Onların əksəriyyəti XVII-XIX əsrlərdə tikilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Həştərxan