Həyata keçirilən dörd islahat paketi Azərbaycan hökumətinin siyasətinin sosialyönümlü olduğunun göstəricisidir
Bakı, 7 sentyabr, AZƏRTAC
Son 5 il ərzində ölkəmizdə 4 böyük sosial islahat paketi həyata keçirilib. Cəmi dörd il yarımlıq dövrdə Azərbaycanda minimum əməkhaqqı 2.7 dəfə artırılıb. Əməkhaqqı fondu 2.6 dəfə, median əməkhaqqı 2.1 dəfə, minimum pensiya 2.5 dəfə, orta pensiya 2.1 dəfə, sosial müavinətlər, təqaüdlər 5 dəfə, ünvanlı sosial yardımın aylıq məbləği 2.7 dəfə, şəhid ailələri, müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə, özünüməşğulluq proqramı 14 dəfə, əmək müqavilələrinin sayı 35, reabilitasiya infrastrukturu genişləndirilib və illik göstərilən reabilitasiya xidmətinin sayı 3 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Kiçik bir dövrdə bu, istənilən ölkə üçün çox böyük və qürurverici nəticələrdir. Bu, bir daha Azərbaycan hökumətinin siyasətinin sosialyönümlü olduğunu, həyata keçirilən tədbirlərin əsasında Azərbaycan vətəndaşının rifahının durduğunun ən bariz nümunəsidir. Dörd sosial islahat paketinin ümumi məbləği illik əsasla 7 milyard manatdır. Yəni, Azərbaycan vətəndaşlarına 2019-cu illə müqayisədə bu il illik əsasda 7 milyard manat artıq vəsait ödənilir. Bu, dövlət büdcəsindən, Dövlət Sosial Müdafiə Fondundan, İşsizlikdən Sığorta Fondundan və digər dövlət mənbələrindən ödənilən vəsaitdir. İcmal büdcənin 20 faizindən artıq bir ödənişdir", - deyə nazir bildirib.