Həyata keçirilən tədbirlər müasir aqrobiznes sisteminin formalaşmasına təkan verəcək
Bakı, 2 may, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə irimiqyaslı islahatların aparıldığını, iqtisadiyyatımızın yeni inkişaf strategiyasının tətbiq olunduğunu bildirərək, artıq bu istiqamətdə yüksək nəticələrin qazanıldığını vurğuladı. Həqiqətən sosial-iqtisadi əhəmiyyət kəsb edən müxtəlif sahələr və sektorlarda önəmli islahatlar aparılıb və aparılmaqdadır. Artıq Azərbaycanda aparılan liberal və institusional islahatlar iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.
O bildirib ki, Azərbaycanın yeni liberal-institusional idarəetmə sistemi birinci növbədə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən yeni müasir institutların yaradılmasını stimullaşdırdı, köhnə institutlar isə işlərini yeni prinsiplər əsasında qurmağa başlayıblar. Hazırda həyata keçirilən islahatların ardınca dövlət idarəetmə sistemində, əsasən onun institusional hissəsində əhəmiyyətli dəyişikliklər davam edir.
“Bildiyimiz kimi, kənd təsərrüfatı sahəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Dövlət bu sahəyə çox böyük dəstək verir. Həqiqətən də Azərbaycan fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Bu sahədə böyük dəyişikliklər baş verib. Respublikada müasir prinsiplərə və çağırışlara cavab verən aqrobiznes sisteminin yaradılmasında üç mühüm fundamental istiqamət müəyyənləşib: kənd təsərrüfatında elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması, yeni innovasiyalara əsaslanan texnologiyaların tətbiqi, aqrar istehsala sərf olunan dövlət xərclərinin endirilməsi nəticəsində yüksək gəlirin əldə edilməsi. Bu sahədə iqtisadi artım birinci növbədə dövlət xərclərinin hesabına baş verir. Prezident bununla əlaqədar qeyd etdi ki, ümumi məhsul istehsalındakı 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Görülmüş böyükhəcmli işlərin müqabilində artım daha da yüksək ola bilər. Bu baxımdan, innovasiyalı texnologiyaların tətbiqi əsasında gəlirin miqdarını artıraraq təkrar istehsal prosesinin genişlənməsinə şərait yaradılmalıdır. Aqrar siyasətin tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində çoxsaylı mürəkkəb məsələlərin həlli, sığorta, subsidiya, kreditləşmə, lizinq, kooperasiya, kənd ərazilərinin inkişafı və digər məsələlərlə bağlı səmərəli regional idarəetmə strukturlarının yaradılması uğurlu addımlardır. Belə ki, bu istiqamətdə “fermer-dövlət-fermer” prinsipinə əsaslanan islahatların keyfiyyətini artırması məqsədilə Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bu mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir”, - deyə Müslüm İbrahimov qeyd edib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qısa müddətdə böyük işlər görülüb. Bu işlərin həyata keçirilməsinin əsasında birbaşa idarəçiliyin prinsiplərinin dəyişilməsi, müasirləşməsi durur. Aqrolizinq sahəsində inhisar elementlərin aradan qaldırılmasını, kredit və subsidiyaların verilməsində şəffaflığın artırılmasını, “fermer-dövlət-fermer” prinsipinə əsaslanan fermer assosiasiyalarının yaradılmasını təqdirəlayiq hal hesab etmək olar. Ən çox diqqəti cəlb edən addımlardan biri də Aqrar Könüllülər Hərəkatının formalaşdırılmasıdır. Bu da uğurlu layihələrdən biridir. Ona görə ki, bu layihənin hesabına gənc kadrlar formalaşacaq. Gənclərdə torpağa bağlılıq, aqrar sahəyə maraq oyanacaq. Onlar karyeralarını məhz bu sahə ilə bağlayacaqlar.
Müslüm İbrahimov bildirib ki, Elektron Kənd Təsərrüfatı Sistemi hesabına subsidiyaların verilməsi mexanizmi daha da təkmilləşdiriləcək. İstehsal həcminin planlaşdırılması kənd təsərrüfatı bazarında hər məhsul üzrə qiymətin proqnozlaşdırılmasını asanlaşdıracaq. Ümumilikdə, aqrar sektorda səmərəli və ədalətli əlavə dəyər zəncirinin formalaşmasına zəmin yaranacaq. Bu da bütövlükdə müasir aqrobiznes sisteminin formalaşmasına təkan verəcək.
“Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında aqrar sığorta mexanizminin tətbiq edilməsinin vacibliyini vurğulayaraq, paralel olaraq, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı tapşırıq da verdi. Hər bir kənd üzrə investisiya proqramlarının hazırlanması kəndlərin inkişafına böyük təkan verəcək. Bu isə ümumilikdə, insanların rifah halının daha da yaxşılaşması, kəndlərimizin inkişafı, müasirləşməsi deməkdir”, - deyə Müslüm İbrahimov vurğulayıb.