CƏMİYYƏT
“Heydər Əliyev İli” çərçivəsində gənclər arasında keçirilən atıcılıq turnirinin qalibləri mükafatlandırılıblar












Bakı, 19 sentyabr, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib. Turnir “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a Böyük Qayıdış” Gənclər Təşkilatından məlumat verilib.
Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkil olunmasında əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Yüz nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
On beş komandanın iştirak etdiyi üç mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələrini təqdim ediblər.