Heydər Əliyev və gənclər siyasəti - konfrans
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatı ilə birgə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP-ın yaranmasından, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda filialın direktoru dosent Mobil Məcidov YAP-ın yaradıcısı, xalqımızın xilaskarı Heydər Əliyevin siyasi fəaliyyətindən və gənclər siyasətindən danışıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər gənclərin qarşısında bir sıra mühüm problemlər qoydu və onların həlli yollarını tapmağı gündəmə gətirdi. Bütün bunları uzaqgörənliklə dəyərləndirən Ümummilli Lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Ulu Öndər Heydər Əliyevin 1996-cı il yanvarın 26-da imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikasında gənclərin ilk forumunun keçirilməsi qərara alındı.
Konfransda filialın tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov “Heydər Əliyev və gənclər siyasəti”, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi” mövzusunda çıxış ediblər.
Daha sonra filialın bir qrup tələbəsinə partiya işində könüllülük fəaliyyətlərini uğurla başa vurduqları üçün sertifikatlar və Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olunub.